Hz. İbrahimin məqamı

Kəbənin şərq tərəfində, yerdən təxminən iki metr hündürlükdə və bir metr diametrində, yuxarı hissəsi şüşə ilə əhatələnmiş, aşağı hissəsi isə, mərmərlə üzlənmiş dördbucaqlı şəklində kiçik bir sahə yerləşir. Bu sahədə, hz. İbrahimin Kəbəni inşa edərkən üzərinə çıxdığı daş qorunub saxlanılır. Bu sahə İslami və tarixi mənbələrdə, Quranda bildirilən "İbrahimin məqamı" kimi qəbul edilir.

Həcərül Əsvəd adlandırılan daşın olduğu yer, ənənəyə əsasən təvafa başlama nöqtəsi qəbul edilir. Rəvayətlərə görə bu daş, hz. İbrahim tərəfindən xüsusi olaraq olduğu yerə yerləşdirilmişdir. Həcərül Əsvəd, "qara daş" mənasını verir.

Kəbənin şərq küncündə olan bu daş, yerdən 1,5 m hündürlükdədir. Rəngi sarıya çalan qara olub, oval formalıdır. Üzərində qırmızı nöqtələr var. Yan tərəfləri gümüşlə örtülmüşdür. Hacılar təvafa Həcərül Əsvədin tuşundan başlayarlar. Təvaf vaxtı bu daşa doğru dönərək, əllərini qaldırmaqla salam verərlər.

Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz... (Bəqərə surəsi, 158)

Səfa və Mərvə Kəbənin şərq tərəfində yerləşən iki təpənin adıdır. Səfa təpəsi, Hərəm bölgəsindən təxminən 15 metr və Mərvə təpəsindən isə 8 metr hündürdədir. İki təpə arasındakı məsafə təxminən 420 metrdir. İki təpənin arasında qalan sahə "Mesa" adlandırılır. Mesa, Məscidi-Harama bitişikdir. Şəkillərdə Səfa və Mərvə arasında gedib gələn hacılar görünür.

Ərafat, Məkkənin şimalında yerləşən, 24 kv. Km-lik sahəyə malik böyük və səthi hamar düzənlikdir. Hərəmdən kənarda yerləşir. Ərafat, "ərəfə" sözünün cəmi olub, "irfan" və "mərifət" kökündən gəlir. Həmçinin dağ və yüksəklik mənalarını da verir. Quranda Ərəfatdan belə bəhs edilir:

Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
(Bəqərə surəsi, 198-199)

Mina, Məkkə ilə Məşərulharam arasında qalan yerə verilən addır. Həcc ibadəti vaxtı, hacılar Minaya da baş çəkərlər. Həccin bəzi mühüm şərtləri burada yerinə yetirilər.

Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində (Mina) ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız. (Bəqərə surəsi, 203)

Müşriklər inkar etdiklərini bildikləri halda, onların Allahın məscidlərini abadlaşdırmaq (haqqı və səlahiyyəti) yoxdur. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. (Tövbə surəsi, 17)

Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, dosdoğru namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. (Tövbə surəsi, 18)

Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah Ucadır. Həqiqətən, O, Eşidəndir, Görəndir. (İsra surəsi, 1)

Məscidül-Əqsa müsəlmanların ilk qibləsi olmasından ötrü, müsəlmanlar üçün ayrı bir əhəmiyyətə malikdir. Məscidül-Əqsanın Kəbədən sonra inşa edilən yer üzündəki ikinci məscid olduğu rəvayət edilir.

638-ci ildə hz. Ömərin dövründə Qüds fəth edildikdən sonra Beytul-Məqdisin yerində Məscidül-Əqsa inşa edilmişdir. Hz. Ömərin buranı məbəd kimi qəbul etməsi də, məscidi müsəlmanlar üçün qiymətli edən digər bir səbəbdir. Məscidül-Əqsa daha sonra Əməvi xəlifələrindən Əbdülməlikin ibn Mərvanın dövründə genişləndirilmişdir.

Qübbətüs-Səhra məscidi, Ömər məscidi kimi də tanınır. Qübbətüs-Səhra məscid kimi inşa edilməmişdir. Binanın içində, İslam alimləri tərəfindən hz. Məhəmməd (s.ə.v)-in meraca çıxarkən üzərinə ayaq basdığına inanılan və müqəddəs qəbul edilən bir daş var.
Səhra sözü qaya parçası deməkdir, Qübbətüs-Səhra isə qaya üzərində inşa edilən qübbə mənasını verir. Qübbətüs-Səhradakı qayanın şərqində, içində Peyğəmbərimiz hz. Məhəmmədin mübarək saqqalının olduğuna inanılan uzun şkaf var.

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscid yanında (səcdə etdiyiniz yerdə) üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi ona qayıdacqsınız”. (Əraf surəsi, 29)

And olsun Sinay dağına! And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)! (Tin surəsi, 2-3)

O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali İmran surəsi, 74)

Geri